BAKI, 1 dekabr. TELEQRAF
“Avropa ilə mümkün ssenarilər və iş bölgüsü müzakirə edilir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın təhlükəsizliyinin təmin edilməsindən danışarkən deyib.
“Üç məqam xüsusilə önəmlidir. Birincisi, Avropa təhlükəsizlik strukturu. Bu struktur NATO-nun bazasına əsaslanır, məncə, Avropa dövlət və hökumət başçıları bunu davam etdirmək istəyirlər. İkincisi, müdafiə sənayesi. Ukraynadakı müharibə bu sənayenin zəif tərəflərini ortaya çıxardı. Buna görə, qarşıdakı 10 il ərzində Avropanın müdafiə sənayesinin inkişafı üçün çox böyük büdcədən danışılır. Türkiyə də bu proseslərə qoşulmağa çalışır. Üçüncüsü isə, amerikalıların Avropanın təhlükəsizliyinə dair öhdəliyinin gələcəyi ilə bağlı ssenarilər üzrə qeyri-rəsmi müzakirələr mövcuddur”, - o bildirib.
ABŞ-nin fövqəladə vəziyyətdə Avropanı müdafiə edib-etməyəcəyi barədə suala Hakan Fidan belə cavab verib:
“Siyasi qərarvericilər özünü doğruldan proqnozlara yol verməmək üçün bu mövzunu müzakirə etməkdən çəkinirlər. Amma həqiqət budur ki, ABŞ hazırda xarici, təhlükəsizlik, ticarət və texnologiya siyasəti ilə bağlı əsas sualları ortaya qoyur və daxili siyasətdə yeni bir istiqamət mərhələsinə qədəm qoyub. Uzun müddət sabit olduğunu düşündüyümüz dövr sona çatdı. Bəs ABŞ artıq Avropada aktiv deyilsə, hansı təhlükəsizlik strukturu yaradılmalıdır?”.
Türkiyə xarici işlər naziri jurnalistin izahedici sualını belə şərh edib:
“Məncə, öncə Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və İtaliya kimi ölkələr bir araya gəlməli və müzakirələri istiqamətləndirməlidirlər. Avropa olaraq yeni dünya nizamında öz cazibə mərkəzimizi yaradacağıq, yoxsa digər böyük güclərin (əsasən təhlükəsizlik, iqtisadiyyat və bazar sahələrində) bizə yön vermələrinə imkan verəcəyik, buna qərar verməliyik. Çünki ABŞ haqlı olaraq Çinlə qlobal rəqabətlə üzləşməli olacaq”.