BAKI, 19 noyabr. TELEQRAF

Ukraynada energetika sahəsində baş verən genişmiqyaslı korrupsiya qalmaqalı Prezident Volodimir Zelenski üçün bir növ “hesabat anı” ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə “The Economist” yüksək vəzifəli bir Ukrayna rəsmisinə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, ölkədə bəziləri hökumətin tam tərkibdə yenidən formalaşdırılmasını istəyir, bəziləri də “yük”dən qurtulmaq üçün fürsət axtarırlar.

Məqalədə vurğulanır ki, Zelenski “Enerqoatom” şirkətindəki korrupsiya sxeminin bütün detallarından xəbərdar olmaya da bilərdi, amma ona yaxın olan tərəfdarlarının bu prosesdə iştirakı Volodimir Zelenskinin siyasi gələcəyini təhlükə altına qoymaq üçün kifayət qədər ciddi səbəb yaradır.

Nəşr həmçinin yazır ki, qalmaqal Ukraynaya iki istiqamətdən zərbə vura bilər. Daxili vəziyyətdə bu, ictimaiyyət arasında etimadsızlığın artmasına və Ukrayna Silahlı Qüvvələrində fərariliyin çoxalmasına səbəb ola bilər. Xarici məsələlərdə isə müttəfiqlərlə münasibətləri çətinləşdirə və Ukraynaya lazım olan yardımın ötürülməsini ləngidə bilər.