BAKI, 3 iyun. TELEQRAF
İyunun 1-də Ukraynanın Rusiya hərbi aerodromlarına hücumu uzun müddətdir dalana dirənmiş müharibənin təhlükəli fazaya daxil olmasından xəbər verir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, hər iki tərəf eskalasiyanı genişləndirmək niyyətindədir və ABŞ-nin vasitəçiliyi ilə sülh razılaşması perspektivi əlçatmaz görünür.
“40 aylıq yorucu müharibə soyumaq əvəzinə, Donald Trampın minimal müqaviməti fonunda daha da qızışır”, - məqalədə deyilir.
Sual ondan ibarətdir ki, artan hücumlar ABŞ administrasiyasını sülh prosesində daha dərindən iştirak etməyə sövq edəcəkmi, yoxsa Amerika rəsmilərinin dəfələrlə bəyan etdikləri kimi, Vaşinqton geri çəkiləcək? Bəzi analitiklər Trampın geri çəkilmək mesajlarını real saymırlar.
Nəşr proqnozlaşdırır ki, beynəlxalq təzyiq olmasa, Rusiya cəbhə xəttini dəyişməyə çalışdığı üçün bu yay döyüşlər daha da şiddətlənə bilər.
Xatırladaq ki, Ukraynanın iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyatı nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.