BAKI, 2 iyun. TELEQRAF

“Dünən Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi “Hörümçək toru” əməliyyatında verdiyi itkilər Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu, xüsusi məqamdır. Rusiya bir tərəfdən yay hücumuna başlayıb, digər yandan isə diplomatiya ilə məşğul olmağa məcburdur. Bu, hamımız üçün həm çağırış, həm də real fürsətdir. Bu, müharibəni bitirməyə çalışmaq üçün bir şansdır.

Bizim daha güclü taktiki həll yollarımız da var. “Hörümçək toru” əməliyyatımız bunu dünən sübut etdi. Bu itkilər Rusiyanı diplomatiyaya məcbur edəcək”, - dövlət başçısı vurğulayıb.

Xatırladaq ki, “Hörümçək toru” əməliyyatı nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.