BAKI, 26 may. TELEQRAF
“Rusiya Ukrayna üzərində tam nəzarət və postsovet ölkələrinə təsir etmək istəyir”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəisi Oleq İvaşenko məlumat verib.
“Rusiyanın planları dəyişməyib: Ukrayna üzərində tam nəzarət və postsovet ölkələrinə təsir etmək istəyirlər. Növbəti kimin olacağı zaman məsələsidir. Polşa, Baltikyanı ölkələr (Estoniya, Litva, Latviya) və Şimali Avropa risk altındadır. Analitiklərimiz artıq Rusiyanın başqa ölkələrə hücum etməyə cəsarət edib-etməyəcəyini müzairə etmirlər. Suallar fərqli qoyulur: nə vaxt və hara?
Avropalı həmkarlarımızın da bölüşdüyü proqnozlarımıza görə, hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiyaya döyüş qabiliyyətini bərpa etmək üçün 2-4 ilə qədər vaxt lazım olacaq. Sanksiyalar aradan qaldırılarsa, yenidən silahlanma prosesi daha sürətlə gedəcək. Yəni müharibə başa çatdıqdan 2-4 il sonra Rusiya texniki cəhətdən Avropaya qarşı yeni təcavüzə hazır olacaq”, - qurum rəhbəri qeyd edib.
Oleq İvaşenko əlavə edib ki, Moskva hazırda hazırlaşdığı yeni müharibənin siyasi hissəsini həyata keçirir:
“İndi hamımız onların hibrid oyununu görürük: müttəfiqləri parçalamaq, Ukraynaya dəstəyi azaltmaq və Macarıstan vasitəsilə qərarlara təsir etmək. Bu, müharibənin siyasi hissəsidir”.