BAKI, 20 may. TELEQRAF
"Moskva Kiyevə gələcək sülh müqaviləsinə doğru irəliləyiş üçün saziş üzərində işləməyi təklif edəcək".
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında son telefon danışığının nəticələrini şərh edərkən bildirib.
Diplomat iddia edib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukrayna tərəfi ilə təmasları davam etdirməyə hazırdır.
“Rusiya tərəfi böhranın yekun, ədalətli həllinə nail olmaq istəyini bir daha bəyan edib və bununla bağlı Moskva Kiyevə gələcək sülh müqaviləsi ilə bağlı memorandum üzərində işləməyi təklif edəcək. Münaqişənin həllinə doğru irəliləyərkən, əsas səbəbləri aradan qaldırmadan bu məqsədə çatmağın mümkün olmadığını başa düşmək əsas olmalıdır. Bir çox detallar razılaşdırılmalı, nizamlanma prinsipləri formalaşdırılmalı, sülh sazişinin bağlanması üçün son tarixlər müəyyən edilməli, müvafiq razılaşmalar əldə olunarsa, müəyyən müddət üçün mümkün atəşkəs olmalı və digər parametrlər müəyyən edilməlidir.
Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, Rusiya heç vaxt danışıqlardan imtina etməyib və qeyd olunan məsələlərlə bağlı Ukrayna tərəfi ilə bu cür təmasları davam etdirməyə hazırdır”.
Xatırladaq ki, mayın 19-da Putin və Tramp arasında iki saatdan çox davam edən telefon danışığı olub. Danışıqlardan sonra hər iki lider söhbətin konstruktiv və səmimi olduğunu iddia edib.