
BAKI, 22 mart. TELEQRAF
Barəsində terror təşkilatına yardım ittihamı irəli sürülən Türkiyənin İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə bağlı yeni iddialar üzə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İmamoğlu və komandasının ötən il martın 31-də keçirilən bələdiyyə seçkilərində DEM Partiyasının (keçmiş HDP) dəstəyini qazanmaq üçün PKK terror təşkilatının Avropa qanadına ümumilikdə 100 milyon dollar rüşvət verdiyi iddia olunur.
“İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun “Şəhər Barışığı” adı altında PKK/KCK terror təşkilatına 100 milyon dollardan çox pul köçürdüyü istintaq dosyesinə daxil edilib. Xaricdəki gizli əlaqələr, görüşlər bir-bir qeydə alınıb. CHP və DEM arasında gedən pərdəarxası danışıqların bütün təfərrüatları - adlar, yerlər və pul axını ilə birlikdə üzə çıxıb”, - məlumatda deyilir.
Dosyedə son bələdiyyə seçkilərində keçmiş HDP-nin həmsədri Səlahəddin Dəmirtaşın həyat yoldaşı Başak Dəmirtaşa namizədliyini geri götürməsi üçün 20 milyon dollar verildiyi də bildirilir.
PKK/KCK-DEM və İmamoğlu arasındakı anlaşmaların keçmiş HDP-nin həmsədri Azad Barış və Şişli bələdiyyə sədri Rəsul Emrah Şahan vasitəsilə əldə olunduğu qeyd edilir.