BAKI, 11 mart. TELEQRAF

Moskva sakinləri bu gecə çox sayda Ukrayna pilotsuz təyyarəsinin Rusiyanın paytaxtına soxula bilməsindən təəccübləniblər.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalının Moskva müxbiri Ayvor Bennet məlumat verib.

“Bu, Ukrayna pilotsuz təyyarələrinin müharibə başlayandan bəri Rusiyanın paytaxtına ən böyük hücumu olub”, - britaniyalı jurnalist deyib.

Bennettin sözlərinə görə, moskvalılar hücumdan sonra şok və heyrət içindədirlər.

“Bir nəfər mənə bu qədər PUA-nın buraxıldığına və Moskvaya çatdıqlarına inana bilmədiyini söylədi. Digəri isə artıq baş verənlərin bitməsini gözləyə bilmədiklərini, münaqişənin dərhal başa çatması üçün dua etdiklərini dedi”, - jurnalist qeyd edib.

Xatırladaq ki, bu gün gecə və səhər saatlarında Ukraynadan eyni anda Rusiyanın bir neçə bölgəsinə irimiqyaslı pilotsuz təyyarə hücumu olub. Hücumlardan sonra Rusiyanın rəsmi qurumları Moskva vilayətində 73 pilotsuz təyyarənin vurulduğunu açıqlayıblar.