
BAKI, 27 fevral. TELEQRAF
Rumıniya parlamenti silahlı qüvvələrə ölkənin hava məkanını qanunsuz şəkildə pozan pilotsuz və pilotlu təyyarələri insanların həyatı və əmlakı üçün təhlükə və risk səviyyəsinə əsasən zərərsizləşdirməyə icazə verən qanun layihəsini dəstəkləyib.
Teleqraf xəbər verir ki, sənəddə həm pilotlu, həm də pilotsuz təyyarələrə qarşı Rumıniyanın hava məkanına nəzarət üçün xüsusi şərtlər müəyyən edilib.
Pilotlu hava gəmilərinə qarşı tədbirlərə təyyarələrin yeri və kimliklərinin müəyyən edilməsi, həmçinin təmas cəhdləri, müdaxilə və xəbərdarlıq atəşi daxildir. Onlar yalnız hücuma keçdikdə və ya müdaxiləyə aqressiv cavab verdikdə məhv edilə bilər.
Pilotsuz uçan aparatlar (PUA) təhlükə səviyyəsindən asılı olaraq məhv edilə, zərərsizləşdirilə və ya nəzarətə götürülə bilər. Amma qeyd olunur ki, məhv etmək son çarədir.
Xatırladaq ki, Avropa İttifaqı və NATO üzvü olan Rumıniyanın müharibə vəziyyətində olan Ukrayna ilə 650 kilometrlik sərhədi var. Rusiya Ukraynanın liman infrastrukturuna hücum edərkən, pilotsuz təyyarələrinin fraqmentləri dəfələrlə onun ərazisinə düşüb. Müharibənin gedişində Ukrayna mediası dəfələrlə Rusiya PUA-larının Rumıniyanın hava məkanını pozması ilə bağlı məlumat yayıb. Bunlardan bəziləri Buxarest tərəfindən təkzib edilib.