BAKI, 15 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və komandası hələ də Ukraynada hansı şəraitdə sülhün bərqərar oluna biləcəyini müəyyən etməlidir.

Teleqraf xəbər verir ki, bunu ukraynalı keçmiş deputat Viktor Medvedçuk deyib.

“Putin Trampla telefon danışığında münaqişənin köklü səbəblərini aradan qaldırmalı olduğunu vurğulayıb. Bu isə o deməkdir ki, Ukraynada Zelenskinin nəzarətində olan nasist rejiminin aradan qaldırılması missiyası başa çatdırılmalı, nasist ideologiyası tamamilə kökündən kəsilməli, o nəzəriyyə və praktikanı dəstəkləyən, onu qoruyub saxlamağa çalışan insanlar məhv edilməlidir. Nasist döyüş hissələrini tərksilah etmək, kollektiv Qərbin Rusiyaya qarşı döyüşmək üçün verdiyi silah və texnikanı məhv etmək lazımdır.

Buna necə nail olmaq olar? Bunun üçün Rusiya silahlı qüvvələrinin Kiyev rejimində olan ərazilərə nəzarət etməsindən başqa heç bir yol bilmirəm”, - siyasətçi bildirib.

Medvedçuk qeyd edib ki, sülh müqaviləsi imzalanarkən Rusiyanın maraqları nəzərə alınmalıdır.

Xatırladaq ki, Rusiyaya yaxınlığı ilə tanınan və bu ölkənin xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Viktor Medvedçuk Ukraynada vətən xaini elan edilib. 2022-ci ildə rusiyalı əsirlər müqabilində Kiyev tərəfindən Moskvaya təhvil verilib.