BAKI, 14 avqust. TELEQRAF
Qazaxıstan vətəndaşları ölümdən sonra kremasiyaya dair razılıqlarını əvvəlcədən rəsmi şəkildə onlayn rəsmiləşdirə biləcəklər. Bundan sonra ölümündən əvvəl öz razılığını notariusa müraciət etmədən müvafiq portal vasitəsilə qeydiyyatdan keçirmək mümkündür.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Ərizəyə baxılma müddəti 15 dəqiqə çəkir.
İstifadəçi istədiyi vaxt əvvəl kremasiya ilə bağlı rəsmiləşdirdiyi ərizəsini ləğv edə bilər.
Xatırladaq ki, 2026-cı ilin aprel ayında Almatıda Qazaxıstanda ilk və hələlik yeganə krematorium fəaliyyətə başlayıb.
Təsdiqlənmiş qaydalara əsasən, Qazaxıstanda kremasiya olunmaq istəyən şəxslərin hamısı üçün bu prosedur mümkündür, amma bir şərtlə ki, şəxs sağlığında kremasiya olunmaq istəyini yazılı şəkildə ifadə etmiş olsun. Əvvəllər bu sənəd hüquqi qaydada təsdiqlənməli idi. İndi isə bu xidmət müvafiq portalda əlçatandır.
Ölüm hadisəsi cinayət xarakterli olduğu halda, meyit kremasiya edilə bilməz.
Adətən kremasiyadan sonra mərhumun külü xüsusi qaba - urnaya yerləşdirilir, daha sonra kolumbariumda (xatirə divarında) və ya qəbiristanlıqda dəfn edilir. Külü xatirə yerinə səpmək də geniş yayılmış üsuldur. Amma Qazaxıstanda külün səpilməsi qanunla qadağandır.
Bundan əlavə, hazırda ölkədə kolumbarium yoxdur. Buna görə də mərhumun külünü hazırda krematoriumdakı xüsusi otaqda saxlamaq, evə aparmaq və ya qohumunun məzarında dəfn etmək mümkündür.