BAKI, 31 iyul. TELEQRAF
“Rusiya üzv olduğu təşkilatların Ukrayna müharibəsində onun işğalçı siyasətinə dəstək verməsinə çalışır. Ancaq Kreml buna nail ola bilmir. 2024-cü ilin oktyabrında BRICS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) Kazanda keçirilən sammitinin yekunlarına dair qəbul olunan bəyannamədə vurğulanırdı ki, bütün dövlətlər bütövlükdə və qarşılıqlı şəkildə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etməlidirlər. BMT Nizamnaməsi isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörməti diktə edir”.
Teleqraf xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, sammit iştirakçıları Ukrayna münaqişəsinin dialoq və diplomatiya yolu ilə tezliklə tənzimlənməsinin tərəfdarları olduqlarını da bəyan etmişdilər.
“Kazan sammitindən bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən sammitdə isə bir qədər fərqli bəyanat qəbul olundu. Sənəddə Ukraynanın Rusiya infrastrukturuna endirdiyi zərbələr pislənilib, mülki itkilər qeyd olunub və bu cür hərəkətlərə ən sərt şəkildə qarşı çıxdıqları bildirilib.

Rusiyanı sammitdə təmsil edən xarici işlər naziri Sergey Lavrov Braziliyada qəbul olunan bəyanatdan məmnunluğu gizlətmirdi. Lavrovun sözlərinə görə, Rio-de-Janeyroda keçirilən BRİKS sammitinin iştirakçıları Ukraynadakı münaqişənin əsas səbəblərini başa düşdüklərini nümayiş etdiriblər. O, bəyannamədə və çıxışlarda sammitin bir çox iştirakçılarının Ukrayna böhranı ilə bağlı balanslı, obyektiv mövqelər ifadə etdiklərini söyləmişdi. Buna baxmayaraq, BRİKS üzvləri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dəstəkləməkdən çəkinirlər.
BRİKS-in növbəti sammiti sentyabrın 12-13-də hazırda təşkilata sədrlik edən Hindistanda keçiriləcək. Artıq Hindistan sammitdə müzakirə olunacaq mövzuları hazırlayır. Sammitin dəqiq proqramını formalaşdırmaq üçün nazirlər və mütəxəssislər səviyyəsində müxtəlif görüşlər keçirilir”.
Elxan Şahinoğlu qeyd edib ki, Dehlidə keçiriləcək sammitə təşkilat üzvləri ilə yanaşı, BRİKS-lə əməkdaşlıq edən dövlətlərin liderlərinin də dəvət olunacağı planlaşdırılır:
“Hindistan qonşu Banqladeşin təşkilata üzvlüyünü dəstəkləməyə qərar verib. Bu məqsədlə Banqladeş Baş naziri Tariq Rəhman sammitə dəvət olunub. Bu onun fevralda keçirilən seçkilərdəki qalibiyyətindən sonra Hindistana ilk səfəri və Baş nazir Narendra Modi ilə ilk görüşü olacaq. Məsələ budur ki, Banqladeşdə 2024-cü ildə etiraz aksiyaları nəticəsində istefa verən baş nazir Şeyx Hasina Hindistanda sığınacaq tapmışdı. Bu iki ölkə arasında münasibətləri gərginləşdirmişdi. Bu səbəbdən Banqladeşin yeni baş nazirinin Hindistana səfəri və Dehlinin qonşusunun BRİKS üzvlüyünə dəstəyi iki ölkə arasındakı münasibətləri normallaşdırmaq məqsədi daşıyır”.