BAKI, 4 iyul. TELEQRAF
Səyyar qruplar ölkədən yanacaq və sürtkü yağlarının ixracının qarşısını almaq üçün Qazaxıstanın sərhəd bölgələrində 24 saat patrul xidməti həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Yerjan Birjanov ölkənin yanacaq və sürtkü yağları bazarındakı vəziyyətlə bağlı Nazirlər Kabinetinin iclasında bildirib.
O qeyd edib ki, sərhədyanı yollarda avtosisternlər və yanacaq daşıyan yük maşınları yoxlanılır .Birjanovun sözlərinə görə, son iki gündə nəzarət məntəqələrində əlavə çənlərdə və bidonlarda 3 tondan çox yanacaq qaçaqmalçılığına 61 cəhdin qarşısı alınıb.
Müvafiq qurumlar isə satışlarında qeyri-adi artım qeydə alınan 62 yanacaqdoldurma məntəqəsinin və 22 mini neft emalı zavodunun fəaliyyətini təhlil edir.
Qazaxıstan daxili işlər naziri Yerjan Sadenov iclasda sərhəd bölgələrində gücləndirilmiş monitorinqin həyata keçirildiyini açıqlayıb.
Qazaxıstan Energetika Nazirliyi bundan əvvəl bütün ölkələrə benzin ixracına qoyulan qadağanın daha altı ay - bu ilin noyabr ayından 2027-ci ilin mayına qədər uzadılması barədə qərar layihəsi hazırlamışdı.