BAKI, 29 iyun. TELEQRAF

Özbəkistanda nüvə enerjisi sahəsində regional mərkəz yaradılacaq. Mərkəz Mərkəzi Asiya ölkələri üçün mütəxəssislərin hazırlanmasına, beynəlxalq təlim proqramlarının yaradılmasına və nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Daşkənddəki MMFI Milli Nüvə Tədqiqatları Universitetinin filialı daxilində Atom Enerjisi Sahəsində Regional Bilik və Bacarıqlar Mərkəzi ayrıca bölmə kimi yaradılacaq. Mərkəz Mərkəzi Asiya ölkələrindən olan mütəxəssislər üçün beynəlxalq standartlara uyğun olaraq nüvə enerjisi qurğularının layihələndirilməsi, tikintisi və təhlükəsiz istismarı üzrə təlim modulları və praktiki təlimlər təşkil edəcək. Təlim sessiyaları həmçinin müasir təlim laboratoriyaları və nüvə elektrik stansiyası simulyatorları əsasında keçiriləcək.

Mərkəzin əsas vəzifələrinə milli nüvə infrastrukturunun inkişafı üzrə ekspert-konsaltinq xidmətlərinin göstərilməsi, nüvə enerjisi sahəsində regional kadr ehtiyatının formalaşdırılması, tələbələrin və gənc alimlərin akademik mübadiləsinin dəstəklənməsi, Özbəkistanın nüvə enerjisi sahəsində təcrübəsinin region ölkələri ilə bölüşülməsi daxildir.

Mərkəzin əsasnaməsi və təşkilati strukturu bir ay ərzində təsdiqlənəcək və üç ay ərzində onun ixtisaslı kadrlarla təmin edilməsi üçün tədbirlər görüləcək.