BAKI, 19 iyun. TELEQRAF

2025-2026-cı tədris ilində Özbəkistanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 1 milyon 535 minə çatıb. Bu, ölkənin ali təhsil sistemi tarixində ən yüksək göstəricilərdən biridir və bir ildə 102 mindən çox artım qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Statistika Komitəsi məlumat yayıb.

Cari tədris ilinin əvvəlində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı əvvəlki tədris ili ilə müqayisədə 102,2 min nəfər və ya 7,1 faiz artıb.

Tələbələrin 782,9 mini qadın, 752,1 mini isə kişidir. Qadınların nisbəti kişilərin nisbətindən yüksək olaraq qalır.

Son illərdə Özbəkistanda tələbələrin sayında ardıcıl artım tendensiyası müşahidə olunur. Xüsusilə, 2021-2022-ci tədris ilində ölkədə 808,4 min tələbə təhsil alırdısa, 2022-2023-cü tədris ilində bu rəqəm 1 milyon 42,1 minə çatıb.

2023-2024-cü tədris ilində tələbələrin sayı 1 milyon 314,5 min, 2024-2025-ci tədris ilində isə 1 milyon 432,8 min nəfər olub. Cari tədris ilində bu rəqəm ilk dəfə olaraq 1,5 milyonu keçib.

Ekspertlər bu artımı ölkədə ali təhsilin əhatə dairəsinin genişlənməsi, yeni universitetlərin və filialların yaradılması və qəbul kvotalarının artması ilə əlaqələndirirlər.