BAKI, 12 iyun. TELEQRAF
Özbəkistan Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, narkotiklərlə bağlı cinayətlərə görə məsuliyyət artırılıb.
Teleqraf xəbər verir ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehsalı, hazırlanması və ya emalı üçün qanunsuz narkotik laboratoriyası yaratmağın 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması müəyyən edilib.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının və ya güclü təsir edən maddələrin istehlakı və ya yayılması üçün narkotik məkanı yaratma və ya saxlama 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Həmçinin, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının, yaxud yüksək asılılıq yaradan maddələrin qanunsuz dövriyyəsinə sponsorluq etmək 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Oğurluq və ya dələduzluq yolu ilə güclü təsirli və ya zəhərli maddələrin qanunsuz saxlanması 3 ilədək müddətə islah işləri, 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.