BAKI, 12 iyun. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Bişkekdə Qırğızıstan Prezidenti Sadır Japarovla nəqliyyat və logistika sektorunda əməkdaşlıq və Orta Dəhlizin inkişaf etdirilməsi məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin başçısı görüşdən sonra məlumat verib.

“Görüşdə nəqliyyat və logistika sektorlarında əməkdaşlığın inkişaf perspektivlərinə də toxunduq. Orta Dəhlizin inkişafının vacibliyini və onun inkişafını təşviq etmək və əlavə yüklərin cəlb edilməsi üçün səylərin gücləndirilməsinin mümkünlüyünü qeyd etdik.

Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsini böyük maraqla izləyirik və bu layihənin sürətlə həyata keçirilməsindən məmnunuq. Bu layihə həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqənin gücləndirilməsinə daha da töhfə verəcək. Gürcüstan da öz növbəsində tranzit funksiyasının inkişafına əhəmiyyətli investisiyalar qoyur. İnanırıq ki, bu proseslər regionlar, xüsusən də ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da inkişafına əhəmiyyətli dərəcədə töhfə verəcək”, - İrakli Kobaxidze bildirib.