BAKI, 9 iyun. TELEQRAF
Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva Daşkənddə ABŞ ticarət katibinin müavini Devid Foqel ilə görüşüb.
Teleqraf xəbər verir ki, tərəflər görüşdə Özbəkistan-ABŞ əməkdaşlığı üzrə məsələləri, xüsusən də ticarət, investisiyalar və tərəfdaşlığın yeni sahələri barədə fikir mübadiləsi aparıblar.
Səidə Mirziyoyeva bildirib ki, Amerikanın biznes dairələri Özbəkistanda həyata keçirilən investisiya və infrastruktur layihələrinə artan maraq göstərirlər.
“Bu diqqətin yaxın gələcəkdə konkret razılaşmalara, yeni iş yerlərinə və iqtisadiyyat üçün geniş imkanlara çevrilməsi çox vacibdir”.
Söhbət zamanı iki ölkənin sahibkarları arasında qarşılıqlı faydalı dialoqun və praktiki əməkdaşlığın inkişafına xidmət edən ABŞ-Özbəkistan Biznes və İnvestisiya Şurasının fəaliyyəti də ayrıca müzakirə edilib.
Tərəflər iqtisadi tərəfdaşlığın daha da gücləndirilməsində və işgüzar əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər.