BAKI, 2 iyun. TELEQRAF

Qazaxıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) ölkədə sığınacaq müraciəti rədd edilmiş və ya deportasiya olunmuş miqrantlar üçün mərkəzlər yaratmaq planları ilə bağlı məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun sözçüsü Yerlan Jetıbayev deyib.

O bildirib ki, Astana məsələ ilə əlaqədar Brüssellə danışıqlar aparmır: “Bildiyim qədər belə bir danışıqlar yoxdur”.

Jetıbayev əlavə edib ki, Qazaxıstan hazırda Aİ ilə viza tələblərinin sadələşdirilməsi və respublikanın ölkədən qanunsuz şəkildə çıxan vətəndaşlarını geri qaytarmağı öhdəsinə götürdüyü readmissiya müqaviləsi ilə bağlı danışıqlar aparır.

“Politico” bundan əvvəl Avstriya, Danimarka, Almaniya və Yunanıstanın Aİ xaricində birgə qayıdış mərkəzləri və sığınacaq müəssisələri yaratmaq üzərində işlədiyini bildirmişdi. Qeyd edilmişdi ki, Qazaxıstan və Özbəkistan kimi ölkələr potensial yerlər kimi nəzərdən keçirilir.