BAKI, 19 may. TELEQRAF

“Ölkəmiz dövlət fəaliyyətində “Məngilik El”i (“Əbədi Ölkə”) özünün əsas ideyasına çevirən Qızıl Ordanın birbaşa varisidir”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Qızıl Orda ilə bağlı keçirilən beynəlxalq tədbirdə deyib.

Tokayev xatırladıb ki, martda keçirilən ümumxalq referendumunda qəbul edilən yeni Konstitusiya “Böyük Çölün min illik tarixi ilə varisliyi qorumağın müqəddəs vəzifə olduğunu” təsbit edir.

Qazaxıstan lideri bildirib ki, orta əsrlərdə indiki Avrasiyada mövcud olmuş Qızıl Orda dövləti sərbəst ticarətlə protoqlobal bazarın yaranmasının və regionda pul münasibətlərinin təməlini qoyub:

“O dövrün tikinti sənayesinin yüksək istehsalı və miqyası Qızıl Orda kərpiclərində təcəssüm olunurdu. Tələbat duyulan bu tikinti məhsulu İrtışdan Dunaya qədər bütün bölgədə geniş istifadə olunurdu. Ümumilikdə, Qızıl Ordanın Avrasiyanın bütün guşələrindən olan insanların sərbəst ticarət apardığı protoqlobal bazar yaratdığını, ümumi tərəqqiyə töhfə verdiyini söyləmək olar”.

Prezidentin sözlərinə görə, dövrün bir çox dövlətlərindən fərqli olaraq, Qızıl Orda öz inkişafında strateji açıqlıq prinsipini nümayiş etdirib, bu, şəhərlərinin görünüşündə də əks olunub:

“Bu təcrübə çöl və şəhər arasında “əbədi münaqişə” mifini inandırıcı şəkildə təkzib edir. Əksinə, orta əsr dövlətçiliyinin ən çevik modellərindən birini yaradan məhz onların qarşılıqlı təsiri olub. Bunu yüzdən çox Qızıl Orda şəhərinin maddi mədəniyyəti təsdiqləyir. Müxtəlif arxeoloji qazıntılar Qızıl Orda şəhərlərində sakinlərinin rahatlığını təmin edən qabaqcıl mühəndislik üsullarından istifadə edildiyini göstərir”.

Kasım-Jomart Tokayev Qızıl Ordanın iqtisadi modelinin hərtərəfli öyrənilməsinə çağırıb:

“Avrasiyanın geniş ərazilərində bütün əsas nəqliyyat, ticari-humanitar əlaqələri nəzarətdə saxlayaraq Qızıl Orda köçəri sivilizasiyasının tərəqqisinin zirvəsinə çevrilmişdi. Bu baxımdan, Qızıl Ordanın tarixi səhnəyə çıxmasının əsas səbəbinin köçəri və oturaq həyat tərzinin simbiozu olduğunu iddia etmək üçün bütün əsaslar var. Nəticədə, köçəri həyat tərzinin, şəhər sənətkarlıq mədəniyyətinin və ticarət yollarının sinerjisi sayəsində Qızıl Orda pul və maliyyə sistemi ilə möhkəmləndirilmiş inkişaf etmiş iqtisadiyyat formalaşdırmışdı”.

Qazaxıstan Prezidenti milli valyutanın - təngənin adının Qızıl Ordanın pul vahidi danqı ifadə etdiyini xatırladıb:

“İmperiya Böyük İpək Yolunun şimal qoluna nəzarət edir və çölləri təhlükəsiz tranzit dəhlizinə çevirirdi”, - o əlavə edib.

Tokayev həmçinin xatırladıb ki, iyulun 1-də qüvvəyə minəcək yeni Konstitusiya Böyük Çölün tarixinin davamlılığının qorunmasını təmin edir, bu da son dərəcə aktualdır.

Xatırladaq ki, Qızıl Orda XIII-XVI əsrlərdə mövcud olmuş türk-monqol dövləti idi. Monqol İmperiyasının hökmdarı Çingiz Xanın nəvəsi Batı Xan tərəfindən yaradılmış, Avropa və Asiya qitələrində yerləşmiş, təxminən 260 il ömür sürmüş Qızıl Orda tarixin ən böyük və ən qüdrətli imperiyalarından biridir.