BAKI, 15 may. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının prezidenti və BƏƏ Milli Meteorologiya Mərkəzinin baş direktoru Abdullah əl-Mandusu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Kasım-Jomart Tokayev görüşdə bildirib ki, BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı iqlim, hava, su ehtiyatları və təbii fəlakət risklərinin azaldılması üzrə qlobal əməkdaşlığın təşviqində əsas rol oynayır.
Dövlət başçısı və təşkilatın rəhbəri Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edən iqlim məsələlərinə xüsusi diqqət yetiriblər. Xüsusilə, erkən xəbərdarlıq sisteminin inkişafı, meteoroloji infrastrukturun modernləşdirilməsi və elmi məlumatların mübadiləsi böyük əhəmiyyət kəsb edir.
Bundan əlavə, regional və qlobal səviyyələrdə su təhlükəsizliyi və su ehtiyatlarının idarə olunması məsələlərinin həllinin aktuallığına toxunulub.
Türküstan bölgəsi BƏƏ Milli Meteorologiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində su anbarlarını doldurmaq və kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək üçün süni şəkildə yağıntı yaratmaq təşəbbüsünü həyata keçirir. Layihə mayın 17-də başlayacaq.
Beləliklə, Qazaxıstan bölgədə süni yağış texnologiyasından istifadə edən ilk ölkə olacaq.