BAKI, 13 may. TELEQRAF
Qazaxıstan hakimiyyəti seçkilərdə namizədlərin seçki fondlarından kənar əlavə maliyyələşmədən istifadə etməsini qadağan etməyi planlaşdırır. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq dəyişikliklər parlamentin aşağı palatasında (Məclis) birinci oxunuşda təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Məclisin Qanunvericilik və Məhkəmə-Hüquq İslahatları Komitəsinin rəyində deyilir:
“İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər namizədlərin seçki fondlarından kənar maliyyə və ya digər maddi yardım cəlb etməsinə və ya qəbul etməsinə görə məsuliyyət müəyyən edilməsinə yönəlikdir. Onlayn platforma istifadəçiləri üçün təşviqatın aparılması qaydalarının, seçki debatlarının keçirilməsi şərtlərinin, ictimai rəy sorğularının və seçki nəticələri proqnozlarının dərc olunması qaydalarının, eləcə də seçkilərlə bağlı digər tələblərin pozulmasına görə inzibati məsuliyyət tətbiq olunması nəzərdə tutulur”.
Namizədlərin seçki fondlarından kənar maliyyə və digər maddi yardım almasına görə fiziki şəxslər üçün 25 aylıq hesablanma göstəricisi (230 ABŞ dollarından çox), hüquqi şəxslər üçün isə 55 aylıq hesablanma göstəricisi (510 ABŞ dollarından çox) məbləğində inzibati cərimə təklif olunur. Bundan əlavə, namizədlərə seçki təşviqatı üçün ayrılmış vəsaitlərin xərclənməsi qaydalarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsi də təklif edilir.
Seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər üzərində iş Məclisin Profil Komitəsində davam etdiriləcək.