BAKI, 27 aprel. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov kiçik oğlu Nurdoolotun kripto milyarderi Castin Sanla görüşdə iştirakını şərh edib.

Teleqraf xəbər verir ki, o, yerli mediaya müsahibəsində qohumlarının dövlət işlərində mümkün iştirakı ilə bağlı sualları da cavablandırıb.

Dövlət başçısı bildirib ki, oğlu Nurdulotun bu görüşlərdə iştirakı şəxsi və praktik səbəblərlə bağlıdır. Sadır Japarov qeyd edib ki, dövlət işləri ilə məşğul olduğu üçün övladlarını nadir hallarda görür, ona görə də oğlu bəzən onu müşayiət edir.

“İngilis dilində yaxşı danışdığı üçün tərcüməçi kimi də fəaliyyət göstərir. Amma hökumətlə bağlı heç bir məsələdə iştirak etmir və dövlət qurumları ilə iş görmür”, - prezident bildirib.

Sadır Japarov hakimiyyətə gəldikdən bəri keçmiş prezidentlərin səhvlərini təkrarlamamaq üçün ailəsi üçün sərt qaydalar müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, nə övladlarına, nə də qardaşlarına dövlət vəzifələrində işləməyə icazə verilib. Qeyd edib ki, qohumları özəl bizneslə məşğuldurlar, ölkəyə investorlar cəlb edirlər, amma dövlət qurumlarından şəxsi mənfəət üçün istifadə etmirlər.

Dövlət başçısı həmçinin qardaşı Sabır Japarova qarşı ittihamlara da cavab verdi. Bundan əvvəl sosial mediada Sabır Japarovun qızıl külçələrlə fotoşəkilləri yayılmışdı.

Sadır Japarov qardaşının “Kumtor”dakı maxinasiyalarda iştirakı ilə bağlı ittihamları “min faiz yalan” adlandırıb: “Onun yeganə düşüncəsiz hərəkəti Türkiyəyə getmək, qızıl emalı zavoduna baş çəkmək və əlində qızılla şəkil çəkdirmək idi”.

Prezident əlavə edib ki, şəkillər Sabır Japarovun ətrafındakı insanlar tərəfindən telefonları ilə çəkilib və sonra yayımlanıb.

Japarov vurğulayıb ki, əgər qardaşı həqiqətən də qanunsuz qızıl ixracında iştirak etsəydi, bu qədər açıq şəkildə fotosu çəkilməzdi. Həmçinin qeyd edib ki, 2021-ci ildən bəri “Kumtor”un obyektlərində oğurluq ehtimalını aradan qaldıran hərtərəfli onlayn videonəzarət sistemi mövcuddur.