BAKI, 31 mart. TELEQRAF

Qırğızıstanın Şu vilayətinin Tokmak şəhərində cinayətkar qrupun keçmiş lideri Kamşı Kolbayevin mütəşəkkil cinayətkar dəstəsinin üzvlərinə məxsus sursat anbarı aşkar edilib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Əməliyyat zamanı iki avtomat, iki mina, bir əldəqayırma partlayıcı qurğu, bir qumbara, trotil, bir maska, iki bıçaq, üç detonator və müxtəlif kalibrli sursat müsadirə edilib.

Bəyanatda deyilir: “Bu silahların respublikada ictimai-siyasi vəziyyəti pozmaq da daxil olmaqla, xüsusilə ağır cinayətlər törətmək üçün nəzərdə tutulduğunu inkar etmək olmaz və bunun üçün uyğun vaxt gözlənilirdi”.

Silahın əvvəlki cinayətlərdə istifadə edilib-edilmədiyini müəyyən etmək üçün məhkəmə-ballistik ekspertizası təyin edilib və müvafiq tədbirlər görülür.

Xatırladaq ki, bundan əvvəl paytaxt Bişkekdə də silah-sursat anbarı aşkar edilmişdi.