BAKI, 25 mart. TELEQRAF

Bişkekdə “Otlaq və yaylaq icmalarının regional dayanıqlığı - ADAPT” layihəsi çərçivəsində meşələrin bərpasına yönəlmiş 81 milyon somdan artıq qrant müqavilələrinin imzalanma mərasimi keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Təşəbbüs Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir və meşə ehtiyatlarının dayanıqlı idarə olunmasına, deqradasiyaya uğramış ərazilərin bərpasına, eləcə də yerli icmaların həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib.

Layihə çərçivəsində 2500 hektar ərazidə meşələrin bərpası, yeni meşə sahələrinin yaradılması və təbii bərpa proseslərinin dəstəklənməsi üzrə genişmiqyaslı işlərin aparılması planlaşdırılır.

Tədbirlər Prezident Sadır Japarov tərəfindən irəli sürülmüş “Yaşıl İrs” təşəbbüsü çərçivəsində həyata keçirilir. Bu kampaniya çərçivəsində ölkədə yaşıl zonaların genişləndirilməsi, meşələrin bərpası və ekoloji dayanıqlılığın təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər reallaşdırılır.