BAKI, 6 mart. TELEQRAF

2030-cu ilə qədər Qırğızıstanda rəhbər vəzifələrin 30 faizini qadınlar tutacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Baş naziri Adilbek Kasımalıyev Prezident Administrasiyasının qadın əməkdaşları ilə görüşündə deyib.

Baş nazir çıxışında Milli Statistika Komitəsinin Qırğızıstan iqtisadiyyatında qadınların artan rolu ilə bağlı məlumatlarına istinad etdi. Kasımaliyevin sözlərinə görə, ölkədəki kiçik və orta sahibkarlığın təxminən 20 faizi qadınlar tərəfindən idarə olunur, həmçinin təhsil, rəqəmsal xidmətlər, istehsal və ticarət sahələrində aparıcı mövqelər tuturlar.

Baş nazir hökumətin gender balansının gücləndirilməsi tədbirlərini xatırladıb. Xüsusilə, rəhbər vəzifələrdə qadınların nisbətinin artırılmasını nəzərdə tutan 20 fevral 2026-cı il tarixli prezident fərmanını qeyd edib:

“Bu qərarlardan konkret hərəkətlərə keçmişik. Yeni prezidentin fərmanına əsasən, 2027-ci ilə qədər qadınlar rəhbərlik pilləsinin ən azı 30 faizini təşkil etməlidir, 2030-cu ilə qədər isə qadınlar bütün dövlət və bələdiyyə rəhbər vəzifələrində ən azı 30 faiz təmsil olunacaqlar”.