BAKI, 27 fevral. TELEQRAF
“Londonda Böyük Britaniya və Mərkəzi Asiya xarici işlər nazirlərinin 5+1 formatında görüşü keçirilib. Bu format son illərdə xeyli populyarlaşıb. Qərb ölkələri Mərkəzi Asiya dövlətlərinə ayrı-ayrılıqda səfərlər təşkil etməkdənsə, toplantı şəklində görüş və müzakirələrə üstünlük verirlər”.
Teleqraf xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin sözlərinə görə, bunun bir neçə səbəbi var:
“Birincisi, 5+1 formatında görüş və müzakirələr vaxt itkisinin qarşısını alır. İkincisi, Qərb ölkələri 5+1 formatından istifadə edərək, Mərkəzi Asiya ölkələrinin xarici siyasət və təhlükəsizlik məsələlərinə vahid yanaşma təmin etdiklərini düşünürlər.

Mərkəzi Asiya ölkələrinin hər birinin yatırımlara ehtiyacı var. Bu ölkələrin əsas investoru Çindir. Ancaq Çinin yatırımları Mərkəzi Asiya ölkələrinin Pekindən asılılığını artırır. Buna görə də regional dövlətlər Qərbin də investisiyalarını cəlb etməyə çalışırlar ki, idxal-ixrac əməliyyatlarında balans olsun. Bu yanaşma Avropa ilə yanaşı, ABŞ-nin də maraqlarına cavab verir. Bu səbəbdən ABŞ və Avropa dövlətləri Mərkəzi Asiya ölkələri ilə müxtəlif sazişlər imzalayır və ortaq iqtisadi layihələrin reallaşmasına çalışırlar.
Böyük Britaniya Mərkəzi Asiya ilə əməkdaşlığı həm də ona görə genişləndirmək istəyir ki, Rusiya və Çinin bölgəyə təsir imkanlarını azalda bilsin. Londonda 5+1 formatıyla yanaşı, Böyük Britaniya rəsmiləri Mərkəzi Asiya dövlətlərinin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirib. Bu, Böyük Britaniyanın Mərkəzi Asiya dövlətlərinin hər birinə fərqli yanaşdığını göstərir”.
Elxan Şahinoğlu əlavə edib ki, Böyük Britaniya Mərkəzi Asiya ölkələrində təhsil mərkəzləri açmağı da planlaşdırır:
“London ABŞ və Avropa İttifaqı kimi Mərkəzi Asiyanın resurslarına maraq göstərir. Böyük Britaniya bu resurslardan fayadalanmaq məqsədilə Transxəzər marşutuna ehtiyac duyacaq. Bu baxımdan London Bakı ilə strateji tərəfdaşlığı gücləndirmək əzmindədir. Təsadüfi deyil ki, Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Olderdays bir müddət əvvəl Mərkəzi Asiyaya səfərinə Azərbaycandan başlamışdı”.