BAKI, 23 fevral. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Gürcüstan daxili işlər naziri Gela Geladzeni qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı qanunların təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə sahələrində ikitərəfli əməkdaşlığın aktual məsələləri müzakirə olunub.
Kasım-Jomart Tokayev bildirib ki, Gürcüstan Cənubi Qafqazda Qazaxıstanın vacib və etibarlı tərəfdaşıdır. O, iki dövlət arasındakı münasibətlərin zamanın sınaqlarından keçən tarixi köklərə əsaslandığını vurğulayıb.
Gela Geladze Kasım-Jomart Tokayevə Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən Qazaxıstan vətəndaşları da daxil olmaqla, xarici turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün görülən işlər barədə məlumat verib.
Qazaxıstan və Gürcüstan Daxili İşlər nazirlikləri mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı, kibercinayətkarlıq və ekstremizmə qarşı mübarizədə, eləcə də ən yaxşı təcrübələrin mübadiləsi və mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.