BAKI, 20 fevral. TELEQRAF

Aşqabad və Avropa İttifaqı (Aİ) Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Brüsselə səfərinə hazırlıq görürlər.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, artıq tərəflər arasında səfərin keçirilməsi qərarı verilib, mümkün tarixlər razılaşdırılır.

Səfər zamanı Türkmənistan lideri Avropa Komissiyası, Avropa Şurası və Avropa Parlamentinin rəhbərləri, eləcə də Aİ komissarları ilə görüşəcək. Gündəliyə siyasi dialoq, enerji təhlükəsizliyi, təhsil və gənclər proqramlarında əməkdaşlıq məsələləri daxil olacaq.

Rəsmilər görüşlərdən əvvəl imzalanmaq üçün ikitərəfli sənədlər paketi hazırlamağı planlaşdırırlar.

İnkişaf edən dialoqun bir hissəsi olaraq, Avropa Parlamenti Aşqabadla Hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin ratifikasiyasını müzakirə etməyi planlaşdırır.

Hazırda Türkmənistanla Aİ arasında münasibətlər Müvəqqəti Ticarət Sazişi ilə tənzimlənir. Ratifikasiya məsələsinin martın əvvəlində Brüsseldə keçiriləcək parlamentlərarası görüşdə müzakirə olunacağı gözlənilir.