BAKI, 12 fevral. TELEQRAF
Qazaxıstanın dövlət qurumlarında rəsmi istifadə üçün rus dilinin, qazax dili ilə yanaşı, statusu saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Kazakhstanskaya Pravda” qəzetində dərc olunmuş Qazaxıstanın yeni Konstitusiyasının mətnində deyilir.
Sənəddə qeyd olunur: “Qazaxıstan Respublikasının rəsmi dili qazax dilidir. Dövlət qurumları və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə yanaşı, rus dili də rəsmi olaraq istifadə olunur. Dövlət Qazaxıstanın vahid xalqının dillərinin öyrənilməsi və inkişafı üçün şərait yaratmağa sadiqdir”.
Layihədə həmçinin bildirilir ki, hər kəsin öz milliyyətini göstərib-göstərməməsi hüququ var:
“Hər kəsin ana dili və mədəniyyətindən istifadə etmək, ünsiyyət, tərbiyə, təhsil və yaradıcılıq dilini sərbəst seçmək hüququ mövcuddur”.
Qazaxıstanın yeni Konstitusiya layihəsi ilə bağlı ümumxalq referendumu martın 15-də keçiriləcək.