BAKI, 11 fevral. TELEQRAF
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Türkiyənin ticarət naziri Ömər Bolatı qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Ömər Bolat görüşdə ikitərəfli əməkdaşlığın inkişafına diqqət çəkərək, Türkmənistanın neytral statusunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Sərdar Berdiməhəmmədov Türkmənistan-Türkiyə münasibətlərinin strateji xarakterinin qarşılıqlı səfərlər və danışıqların əməkdaşlığın gücləndirilməsindəki rolunu qeyd edib. Prezident həmçinin ticari-iqtisadi əlaqələrin artdığını və Türkmənistanın yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın modernləşdirilməsində maraqlı olduğunu deyib.
Türkiyə Türkmənistanın xarici ticarət dövriyyəsində aparıcı mövqe tutur və qarşılıqlı ticarət həcmi hər il artır.
Türkmənistan Prezidenti Türkiyə tərəfinin təkliflərini nəzərdən keçirməyə və birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirib. Sonda tərəflər ikitərəfli iqtisadi əlaqələrin daha da möhkəmlənəcəyinə əminliklərini qeyd ediblər.