BAKI, 9 yanvar. TELEQRAF
Ukraynanın Rusiya prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahını hədəfə almasına cavab olaraq, Ukraynada mühüm obyektlərə qarşı genişmiqyaslı hücumda “Oreşnik” raketlərindən istifadə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, “Oreşnik” raketləri ilə endirilən zərbələr ötən ilin sonunda Vladimir Putinin iqamətgahına hücumda istifadə edilən PUA-ların istehsal xətləri də daxil olmaqla, bir sıra hədəfləri əhatə edən genişmiqyaslı əməliyyat çərçivəsində həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri quru və dənizdən buraxılan, uzaqmənzilli, yüksək dəqiqlikli silahlardan, o cümlədən ortamənzilli “Oreşnik” raket kompleksi və hücum tipli pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynada həyati əhəmiyyətli obyektləri vurub:
“Qarşıya qoyulan məqsədlərə nail olunub. Hədəflər arasında terror hücumunda istifadə edilən pilotsuz uçuş aparatlarının istehsal obyektləri, eləcə də Ukraynanın hərbi-sənaye kompleksini dəstəkləyən enerji infrastrukturu yer alıb. Kiyev rejiminin törətdiyi heç bir terror əməli cavabsız qalmayacaq”.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib. Ukrayna Rusiyanın iddiasını rədd edib.