BAKI, 24 dekabr. TELEQRAF
Keniya Xarici İşlər Nazirliyi son aylarda ən azı 200 keniyalının Rusiyada iş tapmaq vədi ilə orduya cəlb edildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumata görə, Keniya və Rusiyadan işəgötürənlər keniyalılara Ukraynada döyüşmək üçün ayda 2000 dollara bərabər olan 250 000 şillinq maaş vəd edirlər.
Nəşr əlavə edib ki, Rusiya Cənubi Afrika Respublikası (CAR) və Botsvanadan da kişiləri müharibəyə cəlb etməklə məşğuldur.
“The Independent” qəzeti də Moskvanın müharibə başlayandan bəri 202 hindistanlının Rusiya ordusuna çağırıldığını, onlardan 26-sının öldüyünü yazıb.
Ukrayna KİV isə bildirib ki, İranın paytaxtı Tehranda kişilərə Ukraynaya qarşı müharibədə Rusiya ordusuna qoşulmağı təklif edən vərəqələr paylanmağa başlayıb: “Rusiya Müdafiə Nazirliyi ilə müqavilə üçün onlara bonus olaraq 20 000 dollar təklif olunur, aylıq ödəniş 2000 dollar olacaq. Rusiyanın Tehrandakı səfirliyi bu vərəqələrin saxta olduğunu iddia edib. Amma vərəqədə qeyd olunan nömrəyə zəng edən jurnalistlərə vərəqələrin Rusiyanın rəsmi əsgər toplama kampaniyasının bir hissəsi olduğu deyilib. Mənbə bunun İran hakimiyyəti ilə əlaqələndirilmiş şəkildə həyata keçirildiyini əmin edib”.