BAKI, 25 noyabr. TELEQRAF
“Türkmənistan və Qazaxıstan Mərkəzi Asiyada strateji tərəfdaşdırlar”.
Teleqraf xəbər verir ki, bunu Astanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov deyib.
“Türkmənistan və Qazaxıstan Respublikası Mərkəzi Asiyada strateji tərəfdaşdırlar. Dövlətlərimizi ümumi tarixi köklər, mənəvi yaxınlıq, mədəni dəyərlər, eləcə də qorunub saxlanılan və nəsildən-nəslə ötürülən adət-ənənələr birləşdirir”, - o bildirib.
Berdiməhəmmədovun sözlərinə görə, iki ölkə arasında ikitərəfli münasibətlər 18 aprel 2017-ci il tarixli Strateji Tərəfdaşlıq Sazişi və 10 oktyabr 2024-cü il tarixli Dostluq və Çoxşaxəli Strateji Tərəfdaşlığın möhkəmləndirilməsi haqqında Bəyannaməyə əsaslanır.
“Diplomatik sahədə Türkmənistan və Qazaxıstan sülh və təhlükəsizliyin təmin edilməsi, enerji sabitliyinin möhkəmləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı, davamlı inkişaf məqsədlərinə nail olunması, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal gündəliyin aktual məsələləri üzrə konstruktiv qarşılıqlı fəaliyyət qurublar”.