BAKI, 19 noyabr. TELEQRAF

Qazaxıstanda ilk dəfə olaraq Asiyadan gələn əcnəbi tələbələrin sayı MDB ölkələrindən olan tələbələrin sayını ötüb.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın təhsil naziri Sayasat Nurbek məlumat verib.

“Qazaxıstanın regional akademik mərkəz kimi yaradılması istiqamətində sistemli iş aparılır. Bu gün ölkəmizdə 31 500 əcnəbi tələbə təhsil alır ki, bu da tarixi rekorddur. İlk dəfə olaraq Asiyadan olan tələbələrin sayı MDB ölkələrindən olan tələbələrin sayını üstələyib. Bu tədris ilində Çindən 2000-dən çox tələbə gəlib. 2029-cu ilə qədər onların sayını 100 000-ə çatdırmağı planlaşdırırıq”, - S.Nurbek bildirib.

Qeyd edilib ki, bu məqsədlə bir çox ölkələrdə “Study in Kazakhstan” təhsil sərgisi keçirilir. Bu il ilk dəfə olaraq Qazaxıstanın milli təhsil pavilyonu Londonda keçirilən “Bett Show 2025” sərgisində təqdim olunub. Bu il Böyük Britaniya, Azərbaycan, Pakistan və Çində təhsil sərgiləri keçirilib. 2026-cı ildə Vyetnam, Hindistan, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Türkiyə, Monqolustan, Mərakeş və digər ölkələrdə keçiriləcək.