BAKI, 14 oktyabr. TELEQRAF
Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Adil Reno-Basso ilə görüşüb.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan və AYİB arasında qarşılıqlı faydalı əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldiyi bildirilib.
Beynəlxalq bankın dəstəyi ilə Özbəkistanda suvarma və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri qeyd edilib.
“Ölkəmizdə bir çox qadın və gəncin həyatını müsbət istiqamətdə dəyişən “Qadın sahibkarlar” və “Gənc sahibkarlar” proqramlarına dəstəyi, eləcə də Qaraqalpaqıstanda regionun davamlı inkişafına yönəlmiş layihələrin həyata keçirilməsində əməkdaşlığı yüksək qiymətləndiririk”, - Səidə Mirziyoyeva bildirib.
Görüşdə yekdilliklə belə bir fikir ifadə olunub ki, Mərkəzi Asiya ölkələrinin mehriban qonşuluğun təşviqi istiqamətində ümumi səyləri sayəsində regionda etimad və əməkdaşlıq mühiti yaranıb.
“Əminəm ki, AYİB ilə tərəfdaşlıq bundan sonra da Özbəkistan və bütün regionun rifahına xidmət edəcək”, - Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri vurğulayıb.