BAKI, 13 oktyabr. TELEQRAF
Qazaxıstanda spirtli içkilərin onlayn satışı qadağan oluna bilər
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan daxili işlər naziri Yerjan Sadenov məlumat verib.
Nazir hər il sərxoşluq səbəbindən 10 minə qədər cinayətin törədildiyini açıqlayıb. Onun sözlərinə görə, qabaqlayıcı tədbirlər görülsə də, ciddi nəticələr yoxdur.
“Polisin səlahiyyətləri məcburi xarakter daşıyır. Mənfəət dalınca qaçan vicdansız sahibkarlar spirtli içkilərin satışında yaş və vaxt məhdudiyyətlərini pozurlar. Kafe və bar adı altında gecə-gündüz satırlar, onlayn çatdırılma geniş tətbiq olunur”, - Sadenov qeyd edib.
O həmçinin bildirib ki, bütün bunlar nəzərə alınaraq, Daxili İşlər Nazirliyi spirtli içkilərin yalnız içki mağazalarında satılmasını təklif edib: “Lisenziyalaşdırma tələblərini də sərtləşdirmək, o cümlədən onları məhdudlaşdırmaq lazımdır. Nazirlik spirtli içkilərin onlayn satışının qadağan edilməsini də təklif edib”.