BAKI, 8 oktyabr. TELEQRAF

“Bu gün Qırğızıstan 2020-ci ilin oktyabr hadisələrini xatırlayır. Düz beş il əvvəl hakimiyyət dəyişikliyinə səbəb olan dramatik dəyişikliklər baş verdi”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Əlbəttə, nəsə etmək çox çətin idi. Ölkədə xaos hökm sürürdü. Siyasi qüvvələr onlarla qruplaşmaya bölünmüşdülər, xalq isə parçalanmışdı, hər biri öz mənafeyi uğrunda mübarizə aparırdı. Daha da pisi odur ki, xarici qüvvələrin təzyiqi də vardı”, - dövlət başçısı xatırladıb.

Prezident o zaman “Talan etməyin, şəhəri dağıtmayın, hakimiyyəti ələ keçirməyin” kimi çağırışlar etdiyini bildirib:

“Bizə belə sabitlik lazım idi. Sabitliyi bərpa etməsəydik, xaos hələ uzun müddət davam edəcəkdi. Şəhərin (Bişkek) müxtəlif yerlərində könüllülərdən ibarət dəstələr yaradıb, talanların qarşısını almaq üçün tədbirlər gördük. Məhz buna görə də 10 gün ərzində sabitlik təmin edildi”.

İlk addım sabitliyi bərpa etmək idi, bunu bacardıq. İkinci addım yeni idarəetmə sisteminin yaradılması idi. Bunu da yarada bildik. Əgər 2020-ci ildə hakimiyyət dəyişikliyi olmasaydı, Qırğızıstan bu gün müstəqil dövlət kimi mövcud olardı, ya yox, bunu bir Allah bilir”.

Sadır Japarov əlavə edib ki, o zaman dəyişiklik olmasaydı, Qırğızıstan qısa zamanda məhv ola bilərdi.

2020-ci il oktyabr hadisələri — Qırğızıstanda 2020-ci ilin 4 oktyabrında keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz olaraq baş vermiş genişmiqyaslı etiraz aksiyaları, iğtişaşlar və siyasi böhran idi. Bu hadisələr nəticəsində ölkədə hakimiyyət dəyişikliyi baş verib. Prezident Soronbay Jenbekov vəziyyəti sabitləşdirmək cəhdlərinə baxmayaraq, oktyabrın 15-də istefa verib. Beləliklə, Sadır Japarov həm baş nazir, həm də müvəqqəti prezident səlahiyyətlərini icra etməyə başlayıb. Nəticədə, 2021-ci ilin yanvarında yeni prezident seçkiləri keçirilib və Sadır Japarov qalib gəlib.