BAKI, 6 oktyabr. TELEQRAF
Rusiya hüquq-mühafizə orqanları Moskvada özbək əsilli Şere Şoyqu və onun soyadını götürən həyat yoldaşını kriptovalyuta birjasına 100 milyon rubldan çox investisiya yatırmaqla bağlı saxtakarlıq sxemi ilə əlaqədar araşdırma aparır.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Zərərçəkmişlərdən üçünün vəkili Səid Yarəhmədov bildirib ki, aldadılan moskvalıların sayı və onlardan oğurlanan pulların həcmi ikiqat arta bilər.
“Cinayət törətməzdən əvvəl soyadını dəyişdirmiş Şere Şoyqu və onun həyat yoldaşına qarşı dələduzluq (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi) üzrə araşdırma aparılması və cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanlarına vəsatət vermişik”, - vəkil TASS-a deyib.
Onun sözlərinə görə, iş kriptovalyuta birjasına sərmayə qoymaq adı altında moskvalıları aldatmaqdan ibarətdir. 27 yaşlı Şerexon Osmonova pasportunda adını Şere Şoyqu olaraq dəyişib, özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qardaşı qızı kimi təqdim edib, sonra isə bəzi şəxslərin pulunu götürərək yoxa çıxıb.
“Onların əməlləri nəticəsində dəymiş təxmini zərər hazırda 100 milyon rublu ötür, amma işlərin sayı və ümumi zərər iki dəfə arta bilər”, - mənbə qeyd edib.