BAKI, 3 oktyabr. TELEQRAF
2030-cu ilə qədər Qazaxıstanda onlarla bərpaolunan enerji layihələrinin icrasına başlanılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan energetika nazirinin müavini Sanjar Jarkeşov deyib.
“Qazaxıstan bərpaolunan enerji mənbələrinə fəal şəkildə sərmayə qoyur və bu il əla nəticələr əldə etmişik. Hazırda bizim ümumi gücü 3,2 giqavat olan 108 bərpaolunan enerji qurğumuz var. 2024-cü ildə ümumi enerji istehsalının 2,8 faizi bərpaolunan enerji mənbələrinin payına düşüb. 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri hesabına istehsal olunan enerjinin həcmini 15 faizə çatdırmağı planlaşdırırıq. Təkcə planlaşdırmırıq, həm də konkret tədbirlər görürük.
2030-cu ilə qədər onlarla bərpaolunan enerji layihələrinin icrasına başlamağı planlaşdırırıq. Həmçinin ümumi gücü 6,4 giqavat olan günəş və külək enerjisi üçün hərrac elan edəcəyik. Beləliklə, növbəti 5 il ərzində bərpaolunan enerji mənbələrini mümkün qədər genişləndirəcəyik”, - Sanjar Jarkeşov bildirib.