BAKI, 3 oktyabr. TELEQRAF

Qazaxıstan Baş naziri Oljas Bektenov ölkədə səfərdə olan Macarıstan Prezidenti Tamaş Şuyokla görüşüb.

Teleqraf xəbər verir ki, danışıqlar zamanı ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi planları müzakirə edilib.

Ticari-iqtisadi və investisiya əməkdaşlığının inkişafı, nəqliyyat-tranzit, kənd təsərrüfatı sektorlarında qarşılıqlı fəaliyyət, süni intellektin və rəqəmsallaşmanın tətbiqi və digər aktual məsələlərə diqqət yetirilib.

Görüş iştirakçıları qarşılıqlı ticarətin daha da artırılması üçün böyük potensialın olduğunu qeyd ediblər. Tərəfdaşlığın əsas sahələrindən biri nəqliyyat və logistika sektorudur. Qazaxıstanın Avropa İttifaqına ixracını genişləndirmək məqsədilə Budapeşt aqlomerasiyasında intermodal yük terminalının tikintisi üzrə birgə layihənin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Görüşdən sonra Baş nazir Oljas Bektenov vurğulayıb ki, Qazaxıstan hökuməti ən yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaların keyfiyyətlə icrasına xüsusi nəzarət edəcək.

Öz növbəsində Macarıstan Prezidenti Tamaş Şuyok Qazaxıstandakı investisiya mühitini yüksək qiymətləndirib və Qazaxıstan-Macarıstan əməkdaşlığının daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirib.