BAKI, 1 oktyabr. TELEQRAF
“Qadına hücum etmək Allaha üsyana bərabərdir”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan müftisi Əbdüləziz Kari Zakirov vətəndaşlara müraciətində deyib.
Din adamı qadınlara qarşı hücum və zorakılığın Allahın iradəsinə qarşı çıxmaqla bərabər olduğunu vurğulayıb: “Qadınlar cəmiyyətin ürəyi, ailənin təməli, həyatın sütunudur. Bugünkü qızlarımız sabahın analarıdır. Onlar qiymətli övlad, övladların sevimli anası, kiminsə ömür-gün yoldaşıdır”.
Müfti bildirib ki, qadın hücum edib ona zülm edənlər Allaha qarşı çıxanlardandır:
“Amma bu gün bəzi insanlar nəfsinin qulu olub, qadınları təhqir edir, cəmiyyətdə dəhşətli hadisələr törədirlər. Bu, böyük faciədir, cəmiyyətin məhvidir. Unutmayın: qadınlara hücum edən kişinin axirəti qaranlıqdır! Allah-təala qadına hörmət edənləri ehtiramla qiymətləndirir, onlara zülm edənləri isə dünyada və axirətdə cəzalandırır”.
Xatırladaq ki, bundan əvvəl Qırğızıstanın İssık-Kul rayonunun Barskon kəndində sentyabrın 27-dən itkin düşən 17 yaşlı qızın meyiti tapılıb. Onun qətlində şübhəli bilinən 41 yaşlı vətəndaş saxlanılıb və hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.