BAKI, 26 sentyabr. TELEQRAF
Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov BMT Baş Assambleyası çərçivəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəhbəri məlumat verib.
Onun sözlərinə görə, söhbət zamanı ikitərəfli münasibətlərdə ticarət, investisiya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq kimi aktual məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrin əsas istiqamətləri müzakirə olunub.
“Görüşümüz Özbəkistan və Ukrayna arasında dialoqu daha da dərinləşdirmək, tərəfdaşlığı gücləndirmək və xalqlarımızın rifahı üçün yeni imkanlar açmaq əzmimizi təsdiqlədi”, - Saidov bildirib.
Andrey Sibiqa öz növbəsində qeyd edib ki, tərəflər siyasi dialoqu bərpa etmək və müxtəlif sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, ölkələrin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr sonuncu dəfə 2021-ci ilin mayında keçirilib.