BAKI, 18 sentyabr. TELEQRAF
Özbəkistanda aztəminatlı ailələrə pulsuz dərman və zəmanətli tibbi xidmətlər paketi veriləcək.
Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Dövlət başçısı bildirib ki, insan sağlamlığını qorumadan insan potensialını tam reallaşdırmaq mümkün deyil:
“Bununla əlaqədar 140 min yoxsul ailəyə həkim təyin edilib və ildə bir dəfə tam tibbi müayinə təşkil olunub. Zəmanətli tibbi xidmətlər artırılacaq, aztəminatlı ailələrin bunun üçün xərcləri yarıya qədər azalacaq. Eyni zamanda, onlar pulsuz dərman preparatları və zəmanətli tibbi xidmətlər paketi ilə təmin olunacaqlar.
Sosial müdafiəyə ehtiyacı olan əhali ilə məqsədyönlü iş yoxsulluğa qarşı mübarizənin əsas istiqamətlərindən biridir. Bu sistemdə köklü islahatlar aparılıb, əvvəllər 6 dövlət qurumunun səlahiyyətləri vahid Sosial Müdafiə Milli Agentliyində birləşdirilib. Qısa müddətdə hər bir rayon və şəhərdə “Vahid pəncərə” prinsipi ilə 100-dən çox sosial xidmət göstərən “İnsan” mərkəzləri yaradılıb. Sosial işçi hər bir məhəllədə əhali ilə fəal işləyir.
Əlilliyi olan əhali arasında yoxsulluq riskinin yüksək olması ilə əlaqədar onların dəstəklənməsi və inklüziv əsaslarla cəmiyyətə inteqrasiyası üçün yeni yanaşmalar işlənib hazırlanıb. Yaradılan əlverişli əmək şəraiti sayəsində bu il 150 min nəfər əlilliyi olan şəxs işlə təmin olunub. Onlara zəruri tibbi avadanlıq, əlil arabası, protezlər pulsuz verilir”.