BAKI, 3 sentyabr. TELEQRAF

“Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) hərbçiləri Sədr Kim Çen Inın şəxsi təşəbbüsü ilə Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsində iştirak edib”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çində Kim Çen Inla görüşdə deyib.

Rusiya lideri koreyalıların Kurskda Ukraynaya qarşı “cəsarətlə və qəhrəmancasına” döyüşdüklərini bildirib.

“Sizin təşəbbüsünüzlə, məlum olduğu kimi, xüsusi təyinatlılarınız bizim yeni müqaviləmizə tam uyğun olaraq Kursk vilayətinin azad edilməsində iştirak edib. Qeyd etmək istəyirəm ki, əsgərləriniz cəsarətlə, qəhrəmancasına döyüşüblər”, - Putin qeyd edib.

Kim Çen In da Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsində oynadığı rola verdiyi “yüksək qiymət”ə görə Rusiya liderinə təşəkkür edib:

“Hərtərəfli strateji tərəfdaşlıq sazişi çərçivəsində və bu sazişdən irəli gələn öhdəliklərimizə uyğun olaraq, qardaş rus xalqı və ordusu ilə birgə mübarizə apardıq”.