BAKI, 7 iyun. TELEQRAF
Tehran ABŞ Prezidenti Donald Trampın İran da daxil olmaqla 12 ölkənin vətəndaşlarının Amerikaya səyahətlərini qadağan edən qərarını pisləyib.
Teleqraf xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əlirza Haşimi Raca qərarı “iranlılar və müsəlmanlara qarşı düşmənçilik” adlandırıb.
Onun sözlərinə görə, ABŞ-nin bu qərarı Amerika siyasətçiləri arasında hegemoniya və irqçilik meyllərinin hökmranlığının açıq sübutudur.
“İran vətəndaşlarının ölkəyə girişinin yalnız dini və milli mənsubiyyətinə görə qadağan edilməsi Amerikada qərar qəbul edənlərin İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyini göstərməklə yanaşı, həm də beynəlxalq hüququ pozur”, - Raca vurğulayıb.
ABŞ Prezidentinin iyunun 4-də elan etdiyi qərar ayın 9-dan etibarən 12 ölkə vətəndaşlarının Amerikaya girişini qadağan edəcək.
Qərar Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməni əhatə edir.