BAKI, 20 mart. TELEQRAF

Çin kosmosda sürətlə hərbi potensialını artırır və gələcək müharibədə ABŞ peyklərini məhv etmək imkanları axtarır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələrinin yeni kəşfiyyat hesabatında deyilir.

“Təkmilləşən kosmik imkanları və genişlənən uzaqmənzilli dəqiq silah arsenalı Çin Xalq Azadlıq Ordusuna ABŞ qüvvələri və onun müttəfiqlərinə dəqiq zərbələr endirməyə imkan verir”, - hesabatda qeyd edilir.

2015-ci ildən bəri Çinin kosmosda hərbi məqsədli fəaliyyətlərinin 620 faiz artdığı vurğulanır. Hazırda ölkədə 1060 cihazdan ibarət peyk parkı var.

Kəşfiyyat sənədində xatırladılır ki, 2024-cü ilin dekabrında həm mülki, həm də hərbi kosmos fəaliyyəti ilə məşğul olan Çin ordusu yeni uzaqdan zondlama peyki buraxıb:

“Bu peyk Çinə Sakit okean regionunda ABŞ və müttəfiqlərini davamlı olaraq izləməyə imkan verə bilər”.

Materialın müəllifləri deyirlər ki, Çinin 510-dan çox kəşfiyyat peyki optik, multispektral, radar və radiotezlik sensorlarından istifadə edir.

ABŞ kəşfiyyatının fikrincə, bu qurğular Çinə öz yüksək dəqiqlikli gəmi əleyhinə ballistik raketlərindən ABŞ təyyarədaşıyıcılarına hücum üçün istifadəyə imkan verə bilər. Həmçinin qeyd olunur ki, orbitdə kosmik döyüş aparmaq üçün Çin ordusunda orbital casusluq əməliyyatları həyata keçirə bilən ən azı 10 peyk var.

“Kəşfiyyat göstərir ki, Çin Azadlıq Ordusu kosmik əməliyyatları ABŞ-nin regional münaqişəyə hərbi müdaxiləsinin qarşısını almaq və ya maneə yaratmaq vasitəsi kimi nəzərdən keçirir”, - hesabatda vurğulanır.