Şərq coğrafiyasını bilən, dünya və Anadolu musiqisinə bələd olanlar üçün Ahmet Aslanın adı yaxşı tanışdır. Onun Pir Sultanın qoşmalarını xatırladan mahnı sözləri keçmişdən qopub gəlmiş kimi görünsə də, doğulduğu Dersimin bugünkü ağrılarını ifadə eləyir...

Ahmet məktəbi bitirdikdən sonra rəsm dərsləri almağa başlayıb. Ancaq təhsilini başa vurmadan konservatoriyaya qəbul olub. Daha sonra Almaniyaya gedən musiqiçi Musiqi Akademiyasında oxuyub.

O, 24 yaşında təhsil almaq üçün ölkəsindən gedib. Axır vaxtlar isə yenidən doğma vətənə gedib-gəlməyə başlayıb. Təbii ki, gitara və bağlaması ilə birlikdə.

Teleqraf.com sənətçinin türk mətbuatına verdiyi müsahibəni təqdim edir:

– 40 yaşınız var. Yolun yarısını keçmisiniz. Sizi sevənlər yarıdan əvvəlini elə də yaxşı bilmirlər. Həyatınızın ilk yarısının hekayəti necədir?

– Hekayətim bir az qarışıqdır. Doğulub-böyüdüyüm torpaqlarda qalıb yaşaya bilərdim. Mən gedəndə Türkiyədə həbslər, hardan-hara vuracağı məlum olmayan bir xaos var idi. Onsuz da elə yerdə doğulmuşuq ki… Tunceli və ya Dersim deyəndə uçan quşdan belə izahat istəyirdilər. Bunun üçün məhz cinayətkar olmağa ehtiyac olmurdu. Aktiv siyasətin içində olmaq kimi bir niyyətim yox idi. Sadəcə, bu dünyaya göz açmağımızı belə bizə çox görürdülər. O dövrdə mənim kimi ölkədən gedənlər çox oldu. Özü də tükənmiş bir Avropaya…

– Ailəniz getməyinizi necə qarşıladı? Avropaya getdikdən sonra necə yaşadınız?

– Həzrət İsaya aid edilən bir cümlə oxudum və hər şeyi qoyub getdim: “Həyatını təkbaşına qurmaq istəyirsənsə, pislədiyin yeri tərk et”. Azad, sərbəst olmaq üçün 1996-cı ildə Almaniyaya getdim və orda da qaldım. Orda Düsseldorf Konservatoriyasında gitara bölməsində təhsilimə davam elədim. Ancaq yarımçıq qoydum. İndi də dünya musiqisi üzrə təhsil alıram. Akademiyalara nifrət edirəm, amma nə hikmətdirsə, oralardan çıxa bilmirəm. Təhsil özlüyündə bir manipulyasiyadır. Əslində, insan olmağa da qarşıyam. Həyatın hər sahəsini idarə edirik. Yaratdığımız formulun köləsi oluruq.

– Qərbdə yaşayır, Qərb alətində ifa edirsiniz, amma ənənələrdən qopmursunuz. Ənənəni pozmursunuz heç?

– Mən ənənəni qorumağa çalışmıram. Onsuz da ənənəni pozmağa nə mənim, nə də sənin gücün çatar. Onun qorunmağa ehtiyacı yoxdur. Ondan xaricə çıxsan, praktik işlər görərsən. Onların da səksən faizinin içi boşdur. İstər-istəməz ənənələrə qayıdırsan. Dənizdən ayrılanda limanı dağıda bilməzsən. Çox uzağa getsən, boğularsan. Son dörd ildir yayda Tunceliyə gedib-gəlirəm. Əvvəl getməyim qadağan idi. Hələ də hər gedişimdə məni bir saat hava limanında saxlayırlar. Eyni adda başqa bir adam axtarışdadır. Bürokratik səbəblərə görə illərlə Türkiyəyə gələ bilmədim. Siyasi bir səbəbi yoxdur.

– Neçə bacı-qardaşsınız?

– Deyəsən, on üçük. Onlarla nadir hallarda görüşürük. Ailə arasında asosialam.

– Avropada albomlarınız necə satılır?

– Bilmirəm. Dünya işləriylə maraqlanmıram.

– Sizi dinləyənlər hansı dildə mahnı oxuduğunu başa düşmürlər. Bunu necə qarşılayırsınız?

– Hə, bilirəm. Bu vəziyyətlə tez-tez rastlaşıram. Məsələn, “Adəm əvvəlindən bəri” cümləsini “Adana qarından bəri” kimi başa düşənlər var. Amma problem deyil, mənə zarafat kimi görünür. Mahnılarıma yazdığım sözlərdə əski kəlmələrə üstünlük verirəm.

Öz dilimə və başqa dillərə qarşı edilən haqsızlığı bir kənara qoyuram, türkcəyə edilən elə bir haqsızlıq var ki, səksən ilə sığmır. “Tək toplum, tək irq, tək dil” siyasətindən danışıram. O boyda Osmanlıya bir xətt çəkildi və yüz illərdir yaşayan bir dil səksən ildə unuduldu. Bu haqsızlığı görəndən sonra deyirəm ki, yenə mənim vəziyyətim yaxşıdır. Öz dilimdə bir kəlmə belə bilməsəm, yaşlı insanlarımızdan öyrənə bilərəm. Amma Osmanlı dilini öyrənmək istəsəm, öyrənəcəyim bir nəsil belə yoxdur.

– Sizin haqqınızda “dərviş kimi adamdır” deyə düşünənlər var. Siz nə düşünürsünüz, bu sözü özünüzə uyğun görürsünüzmü?

– Son vaxtlar inanc fanatikləşir, medialaşır. Hərə bir fikir yürüdür. Bəlkə də, ruhani olaraq gözəl şeylərdir. Ancaq şişirdilmiş ola bilər. Son zamanlarda dərviş ləqəbini 20 yaşındakı gənc də ala bilir. Dərvişanə ola bilməyin bəlli bir vaxtı var. Bəziləri mənə “dəli” deyir. Bəziləri də çox içki içməklə bu hala gəldiyimi düşünürlər. Bir şeyi içkiylə çölə çıxarırsınızsa, bu, xarici müdaxilədir. Bunu bir dəfə eləyər, iki dəfə eləyər, üçüncüdə ayağa dura bilməzsiniz.

– Kürd musiqisinin inkişafını necə görürsünüz? Tambur, gitara, ud, bağlama çalırsınız. Bunlar bir araya gəlməyən alətlər kimi görünür. Sizin yaratdığınız necə bir musiqidir?

– Kürd musiqisi... Kürd, Dersim, türk xalq musiqisini ayrı-ayrı yerə qoyanlar var. Amma gəldiyimiz mərhələdə ən doğrusu, Anadoludan çıxan hər bir melodiyanı Anadolu musiqisi adlandırmaqdır. Məsələn, “Sarı gəlin” türküsü. Ermənicə oxunanda belə türk xalq musiqisi qrupuna aid edilir. Mən kürdcə, türkcə, zazaca deməkdənsə Anadolu musiqisi deməyə üstünlük verirəm. Amma bir vaxtlar qadağan edilmiş bir dilin mahnısını oxumaq çox gözəldir. Onu da deyim ki, kürd oldu-olmadı, indiki gənclik kürd musiqisinə çox yaxınlaşıb.

– Kürd məsələsinin həlliylə bağlı müddəti necə dəyərləndirirsiniz?

– Ələvilər özünü başqa tərəfə çəkir, zazalar başqa tərəfə. Dersimdə də bir neçə yerə bölünüblər. Kürd siyasəti öz içinə qapanıb. Dövlətdən, iqtidardan, müxalifətdən fərqli fikirlər səslənir. Bu problem həll olunmalıdır. Başqa gələcək yoxdur. Ya bunu özün həll edərsən, ya da Amerika gəlib həll edər, hələ başına da çıxar...

Sevinc Fədai