BAKI, 13 mart. TELEQRAF

Sumqayıt şəhərində sakinlərlə birbaşa ünsiyyətin genişləndirilməsi məqsədilə növbəti səyyar qəbul təşkil olunub.

Teleqraf xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun iştirakı ilə keçirilən görüşdə şəhər rəhbərliyi ilə yanaşı, müvafiq idarə və təşkilatların nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların müraciət və təklifləri diqqətlə araşdırılıb. Görüşdə əsasən sosial məsələlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, eləcə də şəhər təsərrüfatı ilə bağlı müxtəlif məsələlər səsləndirilib. Bəzi müraciətlər yerində araşdırılaraq müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Şəhər rəhbəri vətəndaşların qaldırdıqları problemlərin qanunvericiliyə uyğun şəkildə və operativ qaydada həll edilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən sakinlərlə birbaşa təmasın gücləndirilməsi, onların müraciətlərinə həssas yanaşmanın təmin olunması və mövcud problemlərin yerində öyrənilməsi məqsədilə səyyar qəbullar davamlı olaraq təşkil edilir.

Bu görüşlər vətəndaş məmnunluğunun artırılması və şəhərdə sosial məsələlərin daha çevik həllinə xidmət edir.