BAKI, 13 mart. TELEQRAF

İranın paytaxtı Tehran və ətrafında silsilə partlayışlar barədə məlumat yayılıb.

Məlumata görə, hədəflərə qırıcı təyyarələrlə zərbə endirilib.

Həmçinin İranın Dubaya (BƏƏ) PUA hücumundan sonra şəhərdə partlayışın baş verdiyi bildirilib.

***

10:36

Məlumata görə, İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum nəticəsində Fransa əsgərləri yaralanıb.

Fransa Prezidenti Emmanuel Makron da bir əsgərin ölümüvə altı nəfərin yaralandığını açıqlayıb.

Makron hücumu “qəbuledilməz” adlandırıb.

***

10:24

Omanın dövlət xəbər agentliyi Sohar əyalətində PUA hücumu nəticəsində iki nəfərin öldüyünü bildirib.

***

10:15

İsrail mediası Qalileyaya raket düşməsi nəticəsində xəsarət alanların sayının 80-ə çatdığını bildirib.

“Kanal 12” bundan əvvəl raketin Hayfa şəhəri yaxınlığındakı Kiryat Tivonda bir binaya dəydiyini və binaya ziyan vurduğunu açıqlamışdı.

***

10:06

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi son saatlarda ölkənin hava məkanına daxil olan və şərq və mərkəzi əyalətlərə doğru hərəkət edən təxminən 50 dronu məhv etdiyini açıqlayıb.

Diplomatik məkana yaxınlaşan bir PUA da vurulub.

İranın İsrailə raket hücumundan sonra ölkənin şimalında 58 nəfər qəlpələrdən yaralanıb.

İsrail ordusu ölkənin şimalındakı Zərzir şəhərində İrana məxsus ballistik raketin vurulmasının təfərrüatlarını araşdırdığını və hücumun miqyası ilə bağlı araşdırmaların davam etdiyini açıqlayıb.

***

09:56

İsrail ordusu son bir gündə İranın qərbi və mərkəzində 200-dən çox hədəfi vurduğunu açıqlayıb.

Gün ərzində onlarla İsrail qırıcı təyyarəsinin iştirakı ilə ümumilikdə 20 genişmiqyaslı hava hücumu həyata keçirilib. Raket buraxılış qurğuları, hava hücumundan müdafiə sistemləri və silah zavodları hədəf kimi müəyyən olunub.

***

09:55

Müharibənin 14-cü günündə İranın paytaxtı Tehran, Kaşan, İsfahan, Qum və Ərak şəhərlərinə zərbələr endirilib.

Tehranda təhlükəsizlik məntəqələri və “Bəsic” qüvvələrini hədəf alan dron hücumları barədə məlumatlar var. Paytaxt boyunca hava hücumundan müdafiə sistemi aktivləşdirilib, intensiv dron səsləri eşidilir.

Yanan neft anbarları havanın çirklənməsinə səbəb olduğu bildirilir. Tehran sakinlərinin xeyli hissəsi təxliyə edilib.

SEPAH da cavab zərbələri ilə bağlı açıqlama verərək, İsraili hədəf alan 44-cü hücum dalğasını bəyan edib.